Özbəklər heç nədə tələsməsələr də, hər işi vaxtında görürlər: May ayında təsdiqlənmiş seçki fəaliyyətləri planındakı bütün addımlar vaxtında atılmışdı. Mərkəsi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev seçkiyə bir gün qalmış xarici jurnalistlər üçün keirdiyi mətbuat konfransında həmin işləri bir-bir sadaladı.
Cənab Nizamxocayev Özbəkistanda hörmətli ağsaqqallardan biri, məşhur həkim-cərrah, professordur. “Özbəkistanın qəhrəmanı” fəxri adı ilə təltif olunub. “Saylov”un belə bir adamın əllərinə tapşırılması işlərin cərrahi dəqiqliklə getməsini təmin etməklə yanaşı, cəmiyyətdə seçki saxtakarlıqları ilə bağlı heç bir şübhəyə yer qoymamışdı.
Eyni gündə Özbəkistanın daxili işlər nazirinin müavini, general-mayor Bekmurod Abdullayev xarici media nümayəndələri üçün keçirdiyi brifinqdə məntəqələrdə asayişin təmin olunması istiqamətində görüləcək işlərlə bağlı məlumat verdi. Amma səhəri gün prosesi bilavasitə müşahidə edəndə aydın oldu, bu, sadəcə, ehtiyat tədbiri imiş.
Seçki məntəqələrində heç bir gərginliyin olmadığını demək vəziyyəti tam ifadə etmir. Orada əsl bayram ab-havası vardı. Hətta müşahidə etdiyim məntəqlərin birində (Daşkənddəki 5 nömrəli məktəbdə) musiqi də qoşmuşdular. İnsanlar seçkiyə övladları ilə gəlir, valideynlər seçim etdikdən sonra hazır bülletenləri balacalar həvəs və maraqla qutuya atırdılar.
- Bizdə belədir,- müşayiətçim Nemət Atamurtov izah etdi,- vaxtilə valideynlərimiz bizi səsverməyə gətiriblər, indi biz övladlarımızı gətiririk...
- Sən də övladlarınla getmişdin?
- Bəli.
Nemətin 37 yaşı və üç övladı var. Ənənəvi özbək ailələrində ən azı 2-3 uşaq olur. Ölkə 36 milyon əhalisi ilə dünyada 41-ci, Orta Asiyada birinci yerdədir. Amma bu, insan kütləsi deyil: özbəklər əhalini həqiqətən demoqrafik kapitala çevirməyi bacarıblar. Ölkənin ərazisində müxtəlif təbii sərvətlər olsa da, ən böyük sərvəti məhz əhalisidir. Sözün hər iki mənasında. Özbəklər qızıl kimi insanlardırlar: Qonaqpərvər, mədəni, sakit, hər cür aqressiyadan tamamilə uzaq...
Paytaxt Daşkənd rəsmi rəqəmlərə görə 5, qeyri-rəsmi məlumatlara görə 7-8 milyon əhalisi olan aqlomerasiyadır. Bakıdan iki dəfə çox. Amma mən orada olduğum 4 gün ərzində bircə dəfə də nə tıxac, nə növbələr, nə də mübahisə edən insanlar gördüm. Bakının tıxaclarından, küyündən və şəhər stressindən bezmiş adam üçün Daşkənd sanki nirvanadadır.
...Eyni rahatlıq seçki məntəqələrində də müşahidə olunurdu. Hər şey çox sakit və dinc gedirdi, amma dinc olmaq passiv olmaq demək deyil. Özbəkistanda məntəqələr səhər 8-də açılır və əhali də tezdən səs verməyə gedir. Saat 11-də artıq seçkinin baş tutmuş sayılmasına kifayət edəcək qədər – yəni 33%-dən çox insan səs vermişdi.
- İnsanların çox böyük aktivliyinin şahidi oldum. - Müstəqil müşahidəçi kimi seçkiləri izləyən azərbaycanlı politoloq Murad Sadəddinov fikirlərini “AzVision” ilə bölüşür,- Gün ərzində mümkün qədər çox seçki məntəqəsində olmağa çalışdıq. Azad, demokratik seçkilərin təmin edilməsi üçün bütün texniki şərtlər yaradılmışdı. Dünyada qəbul olunmuş nə tələb varsa, hamısı təmin olunmuşdu. Hətta yay tətilinə gedən insanların bir neçə gün qabaqdan səs verməsinə də imkan yaradılmışdı. Səslərin sayılması zamanı da məntəqədə iştirak etdim. Proses bütün namizədlərin vəkillərinin gözünün qarşısında açıq şəkildə keçdi. Heç bir eksses baş vermədi.
Ekspertə görə, prezident Şavkat Mirziyoyevin yüksək faizlə qalib gəlməsi gözlənilən idi. Çünki əhali bu seçkiyə onun bütün sahələrdə başlatdığı islahatların davam etdirilməsi şansı kimi baxır. Həmin islahatlar son 7 ildə öz effektivliyini sübut edib və Özbəkistanı yeni inkişaf mərhələsinə qaldırıb.
TürkPA-dan olan müşahidəçi, MHP sədrinin müavini və Türkiyə parlamentinin Nevşehirdən olan millət vəkili Filiz Kılıç da oxşar fikirdədir: “Türk dünyası ölkələrinin deputatları ilə birlikdə seçki məntəqələrini gəzirik, müşahidələr aparırıq. Heç bir nöqsana rast gəlməmişik. Əminəm ki, bu seçkilər Özbəkistanın inkişafına vəsilə olacaq. İnsanlar verdikləri səsin xeyrini görəcəklər".
Türkiyədən olan digər müşahidəçi, Kocaeli vilayətindən millət vəkili Özgür Harun Yıldız seçkini demokratiyanın onurğası sayır: "Bu mənada Özbəkistanda baş tutan seçki çox qiymətlidir. Hər kəs böyük istəklə məntəqələrə gəlir və sərbəst şəkildə səs verir. Türkiyə ilə Özbəkistan arasında səsvermə prosedurunda bir az fərq var. Ancaq mahiyyət eynidir".
Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) təmsil edən rusiyalı deputat, siyasi elmlər doktoru Gennadi Semiqin də bizimlə söhbətində gəzdiyi məntəqələrdə heç bir problem qeydə almadıqlarını dedi.
Bu fonda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) yaydığı bəyanat əslində normal insanı təəccübləndirməli idi, çünki onlar da digər ölkələrdən olan həmkarları ilə eyni seçkidən danışırdılar axı... Amma təəccübləndirmədi. O sadə səbəbə görə ki, DTİHB-nin hər dəfə yeni bəyanat yazmaq əziyyətinə qatlaşmamaq üçün eyni hazır sənədi sadəcə, rəqəmlərini dəyişərək, müxtəlif ölkələrdəki seçkilərdən sonra təkrar oxuduqlarını bilirik. Onlara görə Özbəkistanda seçkilər “real rəqabət olmadan və pozuntularla” keçib. Avropada qitəsində yerləşməyən bütün başqa ölkələrdəki kimi.
- Açığını desək, Qərb institutları və mediası seçki ilə bağlı feyk təbliğat mövqeyini tutdular - Pakistandan olan ekspert, “The Center for South & International Studies” (CSAIS) araşdırma mərkəzinin direktoru Dr.Mehmud Hasan Xan AzVision.az-a deyib.- Bütün tərəflərə rəqabət üçün bərabər imkanlar yaradılmışdı. Namizədlərin hamısının vəkilləri bütün məntəqələrdə səsverməni izləyirdilər. Avropa mediasının verdiyi qiymət obyektivliyə yox, özlərinin uydurmalarına əsaslanır.
Onun sözlərinə görə, bu qərəzli, feyk təbliğatın heç bir mənası yoxdur, əsas odur ki, Özbəkistanın sabitlik, iqtisadi dayanıqlıq karvanı öz yoluna davam edəcək. Uğurlu islahatçı Mirziyoyevin nəzərdə tutduğu Yeni Özbəkistanı qurmaq üçün hələ görəcəyi çox iş var. Onun qələbəsi ilə ölkədə yeni era başlayır.
Seçkilərin normal rəqabət mühitində və özbək cəmiyyətinin xüsusi aktivliyi ilə keçdiyini təsdiqləyən TürkPA müşahidəçisi, azərbaycanlı millət vəkili Fazil Mustafa Özbəkistan həssas bölgədə yerləşdiyi üçün sabit, təhlükəsiz, dinc inkişafının davam etməsinin vacib olduğunu vurğulayır:
- Şavkat Mirziyoyevin yüksək səs toplaması göstərir ki, cəmiyyət də bunun fərqindədir. Onun dövründə Özbəkistan xüsusi inkişaf yolu keçib. Əvvəlki qadağalar aradan qalxıb. Demokratik institutlar canlanır. İş həyatı genişlənir, xarici şirkətlər bura axışır, İKT sektoru güclənir. Təhsil və idman yüksəlişdədir. Yerli özünüidarəetmə mexanizmləri təkmilləşir. Bütün bunların davam etməsi, Özbəkistanın modern dövlətə çevrilməsi üçün xalq həmin xətti yürüdən namizədə səs verdi.
Deyilənləri Öbəkistanda olarkən adi göz ilə də görmək mümkündür. Ölkə sanki havaya qalxmaq üçün uçuş zolağında sürət yığan təyyarəyə bənzəyir. Müxtəlif sahələrdə potensialın toplanması prosesi gedir. Bu gün Özbəkistan Orta Asiyada xarici investorlar üçün ən cazibəli ölkəyə çevrilib. Türk dövlətləri ilə inteqrasiya xeyli dərinləşib. Bu sırada Azərbaycanı xüsusi və ayrıca qeyd etmək lazımdır. Azərbaycanın Özbəkistanla olan münasibətləri artıq Türkiyə ilə olan qardaşlığın səviyyəsinə çatmaqdadır. Təsadüfi deyil ki, Şavkat Miromonoviçi ilk təbrik edənlərdən biri də azərbaycanlı həmkarı İlham Əliyev oldu. “Səsvermənin nəticələri milli iradənin ifadəsi, Özbəkistan vətəndaşlarının Sizin şəxsinizə olan sonsuz etimadının, inamının və hörmətinin, ölkənizin hərtərəfli inkişafı, rifahı və tərəqqisi naminə yürütdüyünüz siyasi xəttə geniş xalq dəstəyinin bariz təzahürüdür”,- təbrikdə deyilirdi.
Prosesi bilavasitə izləmiş şəxs kimi təsdiqləyə bilərəm: Həqiqətən belə idi.
Vüsal Məmmədov
AzVision.az
Bakı-Daşkənd-Səmərqənd-Bakı